`Bəzi diaspora təşkilatlarımızın `Metsamor`dan xəbəri yoxdur` - MÜSAHİBƏ


17:26     03 İyun 2016 esas%20sekil8.jpg

“Zəngəzura, İrəvana iddialı olmalıyıq ki, Şuşanı, Kəlbəcəri azad edək”


Beynəlxalq Diaspor Mərkəzinin sədri və Dünya Azərbaycanlıları Konqresinin (DAK) idarə heyətinin üzvü İsmayıl Ağayevin Femida.az-a müsahibəsi:

- Bilmək istərdik, diaspora rəhbəri və DAK-ın idarə heyətinin üzvü kimi son dövrlər hansı istiqamətdə fəaliyyət göstərirsiniz?

- Uzun illərdir ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata baba torpaqlarına qaytarılması uğrunda mübarizə aparırıq. Bu yaxınlarda da Qərbi Azərbaycan azadlıq hərəkatı adlı bir təşəbbüs qrupu yaratmışıq. Deyərdim ki, bu təşəbbüs bizim üçün hazırkı məqamda prioritet məsələdir və bütün gücümüzü bu istiqamətdə cəmləşdirmişik. Başlatdığımız hərəkat siyasi cərəyan deyil. Sırf ictimai hərəkatdır. Deportasiya olunmuş soydaşlarımızın ata-baba torpaqlarına qaytarılması məqsədi daşıyır. Biz ata-babalarımıza vurulmuş maddi-mənəvi zərərin ermənilər tərəfindən qarşılanmasını və Ermənistan tərkibində muxtariyyət tələb edirik. Ermənilər Dağlıq Qarabağda muxtariyyət tələb etdikləri kimi biz də Qərbi Azərbaycanlılar olaraq Ermənistan dövləti daxilində muxtariyyət tələb edirik.

- Muxtar dövlətin bayrağı hansı formada olacaq və mərkəz kimi hansı vilayəti planlaşdırmısınız?

- Mərkəz yəqin ki, Zəngəzur və ya Göyçə ətraflarında olacaq. Azərbaycan bayrağı üzərində hansısa xəttin çəkilməsini biz qətiyyən qəbul etmirik. Azərbaycan bayrağına əlavə rəng qatmaq, formasını dəyişmək çox böyük yanlışlıqdır. Qərbi Azərbaycan İrəvan xanlığının tərkibində olub. İrəvan xanlığının isə əzəli bayrağı mövcuddur. Bütün dünya dövlətləri bu bayrağı İrəvan xanlığının bayrağı kimi tanıyıb. Qərbi Azərbaycanın bayrağı da sonuncu İrəvan xanı olan İrəvanqulu xanın qaldırdığı bayraqdır. O bayrağı yenidən Zəngəzurda, Göyçədə dalğalandıracağımıza inanırıq. Tarixdə buna oxşar hərəkatlar sonda qələbə ilə nəticələnib. Axıska türkləri öz ata-baba torpaqlarına qayıtdı. Biz də qayıtmalıyıq. Biz bu işlərə xeyli əvvəl başlamalı idik. Əgər Dağlıq Qarabağ münaqişəsi alovlanan vaxt biz bu hərəkata başlasaydıq, artıq Qərbi Azərbaycanlılar bir tərəf kimi danışıqlar masası arxasında əyləşmiş olacaqdılar. Biz ermənilərin yüz il əvvəl başlatdıqları hərəkata indi başlayırıq. Buna görə də gərək onlardan yüz dəfə sürətli işləyək ki, onları qabaqlayaq.

- Bu yolda yetərli dəstək ala bilirsinizmi?

- Ölkə prezidenti bütün çıxışlarında qeyd edir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır və biz o torpaqlara qayıdacağıq. Biz də diaspora mərkəzi olaraq, həm də Dünya Azərbaycanlıları Konqresi kimi bütün gücümüzlə bu məsələyə köklənmişik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Dağlıq Qarabağ icması danışıqlarda iştirak etdiyi kimi Ermənistandan deportasiya olunan soydaşlarımız da danışıqlar masası arxasında əyləşməlidir. Deportasiya olunan soydaşlarımız mal-mülk davasını, öz tarpaqlarına qayıtmaq hüquqlarını tələb etməlidir. Təəssüflər olsun ki, deportasiya olunmuş soydaşlarımıza tez bir zamanda Azərbaycan Respublikası vətəndaşı verildi. Onların pasportu əllərindən alındı. Bu isə gələcəkdə Ermənistana qarşı qaldırılacaq mal-mülk davasında bizim əleyhimizə işləyəcək. Həm də Qərbi Azərbaycandan olan soydaşlarımızın şəxsiyyət vəsiqələrinə doğulduğu yerlər konkret göstərilməyib. Yəni konkret rayon, kənd, qəsəbə adları deportasiya olunmuş soydaşlarımızın şəxsiyyət vəsiqələrində qeyd olunmayıb. Bu da ciddi yanlışlıqdır.

- Region üçün təhlükə mənbəyinə çevrilən Metsamor Atom Elektrik Stansiyasından danışaq. Bildiyimiz qədərilə, sizin fəaliyyətinizin bir istiqaməti də Metsamor AES-lə bağlıdır. Sonuncu çıxışlarınızdan birində qeyd etmisiniz ki, bu məsələ DAK-ın gündəliyinə salınsın. Dünya Azərbaycanlıları Konqresi (DAK) və rəhbərlik etdiyiniz diaspora mərkəzi “Metsamor”la bağlı hansı tədbirləri görməyi planlaşdırır?

- Biz Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarına müraciət edəcəyik ki, Metsamor AES-in bağlanması tələbi ilə tədbirlər, yığıncaqlar, piketlər təşkil etsinlər. Təəssüf ki, bu vaxta qədər diaspora təşkilatlarımız bu məsələ ilə bağlı aktivlik nümayiş etdirməyiblər. Diaspora nümayəndələrimiz vasitəsilə bu məsələ dünya gündəminə çıxmalıdır. Mən özüm Metsamor AES-ə yaxın ərazilərdə çox olmuşam. Stansiya Türkiyənin İğdır şəhəri ilə 16 km məsafədə yerləşir. İğdırın elə nöqtəsi var ki, stansiyının 1 kilometrliyindədir. Metsamor AES-də hər hansı bir qəzanın baş verməsi ilə bütün region ciddi zərər görər. Dünya azərbaycanlıları bu məsələyə biganə qalmamalıdır. Bəzi diaspora təşkilatlarımız var ki, heç Metsamor AES-dən xəbəri belə yoxdur. Bu baxımdan “Metsamor”un bağlanması tələbini gündəliyə salmaqla aktivliyi təmin edə bilərik.



- Türkiyə nəyə görə Metsamor AES-in bağlanması üçün fəallıq nümayiş etdirmir?

- Erməni diasporasının ən geniş şəkildə fəaliyyət göstərdiyi yerlərdən biri də Türkiyədir. Amma erməni lobbisi Türkiyənin dövlət səviyyəsində olan mövqeyinə mane olmamalıdır. Türkiyə daxilində PKK problemi var. Bundan başqa Avropa Birliyinə daxil olmaq məsələsi, Rusiya ilə münasibətlərin kəskinləşdiyini nəzərə alsaq, Türkiyənin ciddi problemlərlə qarşılaşdığını deyə bilərik. Ancaq Türkiyə Metsamor AES-in bağlanması tələbini dövlət səviyyəsində ortaya qoymalıdır. Çünki bu məsələdə ən çox zərəri Türkiyə vətəndaşları çəkir. İğdırda olan vəziyyət hər şeyi göz önünə qoyur.

- İran tərəfi “Metsamor”la bağlı kampaniyaya niyə qoşulmur?

- Mən öz çıxışlarımda da bəyan etmişəm ki, İran bu kampaniyaya qoşulmalıdır. İran həmişə Rusiyanın yürütdüyü strateji xəttə dəstək verib. Ancaq son dövrlər Prezident İlham Əliyevin də İrana səfəri nəticəsində Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunur və fikir ayrılıqları demək olar ki, aradan qaldırılıb. “Metsamor” təkcə Azərbaycan və Türkiyənin problemi deyil. Stansiyada baş verə biləcək qəza nəticəsində İran da ciddi zərər görəcək. İran bunu dərk etməlidir. Bu məqamda siyasi ambisiyalar kənara qoyulmalıdır. İnsan faktoru ortaya atılmalıdır. Biz bütün dünyanı ermənilərin üzərinə qaldırmalıyıq.

- Niyə güclü diaspora təşkilatlarımız yoxdur. Bu gün biz Erməni diasporasının Almaniya dövlətinə təsirini gördük. Onlar qondarma “erməni soyqırımı”nın Almaniya Bundestaqında tanınmasına nail oldular. Bizdə nə çatışmır?

- Biz ayrılıqda fərd olaraq çıxış edərkən babamızın Koroğlu, dayımızın Qaçaq Nəbi olduğunu deyirik. Ancaq ümumi işin altına hamımız əlimizi qoymaq istəmirik. Bizim diaspora fəaliyyəti ilə bağlı qarşıda hələ görüləsi çox işimiz var. Elə diaspora təşkilatlarımız var ki, ildə bir dəfə yığışırlar. Heç bir proqramı, internet saytı olmayan diaspora təşkilatlarımız var. Soruşmaq lazımdır, Almaniyada yerləşən diaspora təşkilatlarımız illərdir fəaliyyətlərini hansı istiqamətdə qurublar? Onlara ayrılmış pullar nəyə xərclənib? İlk növbədə türk diaspora dərnəkləri ilə, türk iş adamları ilə məsləhətləşmələr aparılmalıdır. Səfirliklərimizlə, konsulluqlarımızla diaspora təşkilatlarımız arasında əlaqə güclənməlidir. Elə səfirliklərimiz var ki, öz tədbirlərinə diaspora təşkilatlarından heç kəsi dəvət etmir. Mərkəz olaraq bu fikirləri söylədiyimizə görə bizə qarşı bəzi hallarda düşmən münasibət yaranır. Almaniya Bundestaqının qəbul etdiyi bu qətnamə təkcə türklərə qarşı yox, həm də bizə qarşı yönəlmiş bir addımdır. Türkiyə Dağlıq Qarabağla bağlı bizim yanımızda olduğu kimi biz də bu məsələdə Türkiyənin yanında olmalıyıq.

- Vaxtilə belə bir iddia ortaya atılmışdı ki, Azərbaycan və Türkiyə diaspora təşkilatları birləşsin. Sizcə bu ideya reallaşsa, nə dərəcədə effektli ola bilər?

- Türkiyə və Azərbaycan diaspora təşkilatlarının ortaq maraqları var. Rəhbərlik etdiyim Beynəlxalq Diaspora Mərkəzi ilə Türkiyədə yerləşən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi arasında əməkdaşlıq mövcuddur. Biz birlikdə bir neçə konfrans, tədbir, panellərin keçirilməsinə nail olmuşuq. Çox təəssüf ki, bəzi diaspora nümayəndələrimiz Türkiyədən olan həmkarları ilə İstanbulda 5 ulduzlu otellərdə tədbirlər keçirməklə diaspora fəaliyyəti ilə məşğuldurlar. Mən həmin qrant alan diaspora nümayəndələrinə səslənirəm, bir dəfə Vanda, Qarsda, İğdırda olmusunuzmu, PKK-nın geniş şəkildə fəaliyyət göstərdiyi yerlərdə bayraq qaldırmısınızmı? Azərbaycan və Türkiyə diaspora təşkilatlarının birləşməsindən danışırıqsa, ilk növbədə bu problemləri həll etməliyik.

Ceyhun Əhmədli
Fotolar:Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 6688